AŞPA-nın yay sessiyası başa çatdı
27 İyun 2010 Bazar 09:25
Son gündə Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalçılıq siyasətinin flora və faunamıza vurduğu ziyan məsələsini qaldırıb.
Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başa çatıb. Sessiyasının sonuncu iclasında rusiyalı deputatın hazırladığı “Planetimizin gələcəyi olan meşələr” məruzəsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin flora və faunasına vurulmuş ziyan məsələsini qaldırıb. Qeyd edilib ki. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində güclü yanğınlar törətməkdə davam edir. İşğalçı dövlət, eyni zamanda, beynəlxalq nəzarətdən kənarda olan zəbt edilmiş Azərbaycan torpaqlarından narkotiklərin becərilməsi və tranziti üçün maneəsiz istifadə edir, hərbi yolla əldə olunmuş çirkli pulları isə terrorizmin maliyyələşdirilməsinə yönəldir.

Sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və daha 7 Azərbaycan rayonunda meşələrin ümumi ərazisi 246 min 217 hektardır. Bu, bütövlükdə Ermənistan ərazisindəki meşələrdən 55 faiz çoxdur. Talançı Ermənistan 20 ilə yaxındır ki, meşələrimizə divan tutur, nadir təbiət incilərini məhv edir.
Çıxış edən digər deputatlar da problemin Avropa Şurasının nəzarətində saxlanılmasının vacibliyini vurğulayıblar.

Sessiyanın sonuncu günündə qurumun Büro iclasında Dağlıq Qarabağ üzrə alt komitə ilə bağlı müzakirələr keçirilib. AŞPA-nın sədri Mövlud Çavuşoğlu Büroya Dağlıq Qarabağ üzrə alt komitə ilə bağlı hesabat, iyunun 23-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçirilmiş görüşün detalları barədə məlumat verib. Alt komitənin fəaliyyətinin Büronun növbəti toplantısında müzakirəsi vacib sayılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar