Amerikalı professor ABŞ-Azərbaycan münasibətlərindən danışıb
10 İyun 2010 Cümə Axşamı 19:35
Corc Fridman Strateji Araşdırmalar Mərkəzində dəyirmi masada iştirak edib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın nüfuzlu “beyin mərkəzi” sayılan Stratforun prezidenti, professor, məhşur alim Corc Fridman SAM-da olub və Mərkəzin direktoru Elxan Nuriyevlə görüşüb. SAM-ın mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki “beyin mərkəzi” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və ABŞ arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra amerikalı qonaq SAM-da “ABŞ-ın xarici siyasətində qeyri-tarazlılıq” mövzusunda keçirilmiş dəyirmi masada məruzə ilə çıxış edib. C.Fridman Azərbaycanın antiterror əməliyyatlarında fəal iştirakına, geostrateji mövqeyinə və enerji təhlükəsizliyi probleminin həlli üçün potensialına görə rəsmi Vaşinqton üçün əhəmiyyətli ölkə olduğunu və ABŞ-Azərbaycan münasibətlərinin daha yaxşı zəmində qurula biləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə həmçinin son zamanlar Cənubi Qafqaz, Yaxın və Orta Şərq bölgələrində baş verən geosiyasi proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, İranın nüvə proqramı və Tehrana qarşı qəbul olunan yeni qadağalar, ABŞ-Rusiya münasibətləri, enerji sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizə, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlərə də toxunulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: