ABŞ Azərbaycanın notasına cavab vermir
09 Yanvar 2010 Şənbə 00:10
Ağ Evin Milad bayramı bəhanəsi arxada qalsa da, rəsmi Bakının etirazına cavab qeyri-müəyyən səbəblərdən gecikir
ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasına Dövlət Departamentindən heç bir cavab verilməyib. Bunu ANS PRESS-ə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, yalnız o məlumdur ki, ABŞ-ın Azərbaycandakı səfirliyi notaya cavab veriləcəyini açıqlayıb. Amma Dövlət Departamentinin cavabının 22 gündür ləngiməsinin səbəbləri məlum deyil. Ötən ilin sonlarında, daha dəqiqi dekabrın 22-də Xəzər İbrahim ANS PRESS-ə bildirmişdi ki, Vaşinqtonda yağan güclü qar və ölkənin bayram ərəfəsində olması Dövlət Departamentinin cavabını ləngidir.
Dekabrın 29-da isə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu ANS-ə müsahibəsində demişdi ki, rəsmi Vaşinqton Azərbaycanın notasına cavab verəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda Milad bayramına hazırlıqlarla əlaqədar notaya cavab verilməsində müəyyən qədər ləngimələr olub: "Məlumdur ki, Azərbaycan hökuməti bir müddət əvvəl Birləşmiş Ştatların qondarma Qarabağ rejiminə yardımı ilə bağlı rəsmi Vaşinqtona səfirliyi vasitəsilə nota təqdim edib. Bu həftə Birləşmiş Ştatlarda Milad bayramını qeyd etdiyimiz üçün müəyyən qədər ləngimələr olub. Ümid edirəm ki, yaxın günlərdə nota ilə bağlı cavab Vaşinqtondakı səfirliyinizə göndəriləcək".
Ancaq görünür, əsl səbəb nə bayram , nə də qar deyilmiş. Çünki Vaşinqtondakı qarlar əridi, bayram tətili isə arxada qaldı. Cavab hələ də yoxdur.
Qeyd edək ki, notada Dağlıq Qarabağa yardım ayrılmasına etiraz bildirilirdi. Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.
Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi “ədalətli, tərəfsiz vasitəçi” imicini sarsıdacaq.
Notanı dekabrın 18-də alan Amerika tərəfi ona ən qısa müddətdə cavab verəcəyini bildirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: