Nazirliyin vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib
07 İyul 2014 Bazar Ertəsi 14:45
Saxlanılan şəxslər vəzifədən sui istifadə edərək dövlət vəsaitini mənimsəyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, istintaq zamanı Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə yolu ilə talamasında şübhələr üçün əsaslar olduğundan ona və mərkəzin əməkdaşları Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: