Müstəqilliyimizin möhkəmləndirilməsində ağsaqqalların müstəsna xidməti var
16 Fevral 2013 Şənbə 13:46
Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətində belə deyib.
Bu gün inamla qeyd etmək olar ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olunmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətində deyib.
Müraciəti Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
"Sizi Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınızın işinə uğurlar arzulayıram. Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuşlar, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra ölkə həyatının bütün sahələrində onların rolu daha da artmışdır",- deyə İlham Əliyev müraciətdə qeyd edib.
Dövlət başçısı müraciətdə bildirib ki, son illər Azərbaycan özünün mühüm inkişaf dövrünü yaşayır.
"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, həyata keçirilən ardıcıl islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, nəhəng infrastruktur layihələrin reallaşmasını, Azərbaycanın sürətlə müasirləşməsini və əhalinin rifah səviyyəsinin yüksəlməsini təmin etmişdir. Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işləri həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alırıq, müdrik tövsiyyələrinə istinad edirik", -deyə Prezident müraciətdə bildirib.
İlham Əliyevin sözlərinə görə, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət- ənənələrimizə hörmət ruhunda tərbiyyə edilməsində də ağsaqqalların böyük rolu var.
"Hesab edirəm ki, VI qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin genişlənməsinə, qurumun Azərbaycan cəmiyyətindəki nüfuzunun daha da artmasına, dövlət orqanları ilə əməkdaşlığının dərinləşməsinə yeni təkan verəcək. Sizi bir daha qurultayınızın işə başlaması münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram", -deyə Prezident müraciətin sonunda bildirib.
DOSTLARINLA PAYLAŞ: