Milli Məclis TANAP layihəsi ilə bağlı daha bir sənədi ratifikasiya edib
22 Fevral 2013 Cümə 20:58
Bu istiqamətdə daha bir neçə sənədin qəbul olunacağı bildirilir.
Azərbaycan Milli Məclisi "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumunu təsdiq edib.

APA-nın xəbərinə görə, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, Memorandum sazişlər paketində olan sənədlərdən biridir. Bu istiqamətdə daha bir neçə sənəd qəbul olunacaq.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə sənəd də qəbul edilib.

Xatırladaq ki, Türkiyə ərazisindən keçən Trans-Anadolu (TANAP) qaz boru kəmərinin tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar