Mətbuat Şurası xəbər portallarında monitorinqlərə başlayacaq
23 Fevral 2013 Şənbə 13:40
Monitorinq yeni yaradılan komissiya ilə birgə aparılacaq.
Yaxın günlərdə Azərbaycan Mətbuat Şurası (MŞ) ölkədə fəaliyyət göstərən xəbər portallarında monitorinqlərə başlayacaq. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, monitorinq MŞ-da yeni yaradılan internet media ilə bağlı komissiyanın köməyi ilə aparılacaq: “Azərbaycanda xəbər portalları günü-gündən artır. Demək olar ki, hər gün yeni portal yaranır. 50-dən çox xəbər portalı ölkədə baş verən hadisələri mütamadi izləyə bilir. Hələlik monitorinqlər ilk əvvəl bu saytlarda aparılacaq”.
Ə. Amaşov deyib ki, Azərbaycanda ictimai fikrə təsir göstərən çoxsaylı saytlar, internet portallar MŞ-ya üzvlük üçün müraciət ediblər: “Əgər onlar MŞ-nın üzvü olacaqlarsa, “Jurnalistlərin peşə-davranış Qaydaları”nı imzalayacaqlar. Bundan sonra həmin saytlardan şikayət gələrsə, artıq MŞ həmin qaydalara əsasən bu şikayətlərə baxa biləcək. Artıq vətəndaşlar tərəfindən MŞ-ya edilən müraciətlərin arasında xəbər portallarından edilən şikayətlər də yer alır. Əvvəllər belə müraciətlər az idi. Lakin vaxt keçdikcə belə şikayətlərin sayı çoxalır. Biz məcburuq ki, o şikayətlərə də baxaq. Komissiya əsasən bu məqamlarda MŞ-ya yardımçı olacaq”.
DOSTLARINLA PAYLAŞ: