Mətbuat Şurası jurnalist Qulu Kəngərlini xüsusi diplomla təltif edib
15 Avqust 2012 Çərşənbə 18:54
Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) müxbiri Qulu Kəngərlini jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə xüsusi diplomla təltif edib.
 Mətbuat Şurasından APA-ya verilən məlumata görə, 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş Q. Kəngərli əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlayıb. 15 il ərzində burada kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.

Q.Kəngərli 1990-cı ilin 20 Yanvar faciəsindən sonra «Şəhidlər», «Şəhidlər-2» bukletlərini hazırlayıb. Onun müəllifi olduğu «Qara Yanvar» kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb. Jurnalistin «Erməni lobbisi: Azərbaycan faciəsi» və «Qanlı şənbəyə gedən yol» kitabları 50 min tirajla nəşr olunub. 1991-ci ildə Q.Kəngərlinin ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən «Bakıda insan ovu» sənədli filmi çəkilib.

Daşkənddə yaşadığı illərdə azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparıb. Ssenarisi əsasında «Sürgün» adlı sənədli film çəkilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib. Özbəkistanın jurnalistika sahəsində «Altın Qalam» mükafatının laureatıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar