Mehriban Əliyeva və Leyla Əliyeva uşaq bağçası açdılar
25 Sentyabr 2013 Çərşənbə 20:04
Mehriban Əliyeva və Leyla Əliyeva uşaq bağçası açdılar. Heydər Əliyev Fondunun tikdirdiyi bağçanın ümumi sahəsi 6 min kvadratmetrdir.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Mehriban xanım Əliyeva körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, bağçanın ətrafında abadlaşdırma işləri görülmüş, yaşıllıq salınıb. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılmış, müxtəlif attraksionlar quraşdırılıb.
Məlumat verildi ki, ikimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı ilə bağlı zəruri şərait yaradılıb. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək ki, bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılıb. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunub. Bağçada on yataq otağında balacaların istirahətinin təşkili məqsədi ilə hər cür şərait yaradılıb. Bağçada musiqi zalı, bütün zəruri avadanlıqla təchiz olunan idman otağı uşaqların ixtiyarında olacaq. Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılıb. Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz da tikilib.
DOSTLARINLA PAYLAŞ: