Lisenziyasız tibbi fəaliyyətə görə cərimələr artırılıb
22 Fevral 2013 Cümə 15:58
Cərimələr 500 manatdan 30 min manata kimi qalxıb.
Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında dəyişikliklər müzakirəyə çıxarılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur.

İndiyədək xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdi. Təklif edilən dəyişikliyə görə, fiziki şəxslər 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, telekanallarda müxtəlif özəl tibbi klinikaların reklamları gedir: “Bu gün özəl tibb müəssisələrinə xaricdən çoxlu həkim gəlir, lakin bilinmir onlar necə həkimlərdir”.

Məcəlləyə dəyişikliyə münasibət bildirən deputat Fazil Mustafa da Azərbaycanda bu sahədə problem olduğunu deyib. “Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin ürəkdən narahatlığı olur, onu təyyarəyə mindirib göndərmək istəyirlər xaricə. Bu qədər səhiyyə müəssisəsi olan yerdə elə bir şəxsin müalicəsi mümkün olmadı?”

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar