Korrupsiyada ittiham olunan bir neçə vəzifəli şəxsin cinayət işinin istintaqı yekunlaşıb
06 Avqust 2012 Bazar Ertəsi 11:00
25 şəxs barəsində 20 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Azərbaycanda korrupsiyada ittiham olunan bir neçə şəxsin cinayət işinin istintaqı yekunlaşıb. ANS PRESS-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin iyul ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 20 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu cinayətlər əsasən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifəli şəxslərin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, talama, dələduzluq və sair faktlarla əlaqədar olub.
Belə ki, Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb istintaq aparılıb. Müəyyən edilib ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsi qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurub. X.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib.
Bakı Baş Səhiyyə idarəsinin 14 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Oktay Salamovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb və istintaq aparılıb. Müəyyən edilib ki, O. Salamov Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunması üçün tibbi arayışın verilməsinə görə xidməti otağında ondan 3 min manat məbləğində pulu rüşvət kimi alıb. O. Salamov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 №-li Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Bayram Xudaverdiyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb və istintaq aparılıb. Müəyyən edilib ki, B. Xudaverdiyev Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunmasına görə xidməti otağında 3 min manat məbləğində pulu rüşvət kimi alıb. B. Xudaverdiyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun məlumatında bildirilir ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 102 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.
DOSTLARINLA PAYLAŞ: