Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qələmlər yeni üsulla hazırlanıb
20 Fevral 2013 Çərşənbə 22:55
Hər bir qələm üçün ayrılıqda 256-dan artıq işləmə 6 saat ərzində yaradılıb.
Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tədbirlərə ANS Şirkətlər Qrupu “Azərbaycanlıyam” məhdud saylı platin qələm mükafatının təqdimatı ilə start verdi. Bu qələm məşhur İsveçrə şirkəti “Caran D`ache”nin Leman kolleksiyasına aiddir. Əl işi olan bu eksklüziv qələmin korpusu və başlığı qalın latundan hazırlanıb, başlığına elastik mexanizmli tutqac birləşdirilməklə üzəri gümüş örtüklü platinlə işlənərək tamamlanıb.

100% İsveçrə istehsalı olan bu qələmin başlığı burulan mexanizmdən hazırlanıb. “Caran D`ache” sənətkarları yeni üsullarla Heydər Əliyevin portretini qələmin başlığına həkk ediblər. Bu incə üsul portreti müxtəlif dərinliklərdə qələmin üzərinə həkk etməyə imkan verib. Hər bir qələm üçün ayrılıqda 256-dan artıq işləmə 6 saat ərzində yaradılıb.

Qeyd edək ki, qələmin hazırlanması prosesi zamanı bir neçə variant üzərində iş gedib. İlkin variantda portretin konturları bir o qədər də dəqiq deyildi, sonradan “Caran D`ache” şirkətinin mütəxəssisləri yeni üsullarla portreti qələmə həkk etdi və portret daha relyefli və reala bənzər alındı.

Şirkətin yaradıcısı Arnold Şveytser şirkətə bu adı əsərlərini karandaş adı ilə yaradan məşhur fransız karikaturaçısı Emmanuel Puarenin şərəfinə qoyub. Və bu gün “Caran D`ache” şirkətinin məhsulları keyfiyyət simvoludur. Şirkət dünyanın 90 ölkəsinə məhsul ixrac edir. Bu nadir sənət incisi olan qələmlərin indi Azərbaycanda da sahibləri var. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkəti fevralın 16-da xüsusi sifarişlə “Caran D`ache” şirkətində hazırlanmış, üzərində Heydər Əliyevin portreti olan platin qələmlə Azərbaycanda ən görkəmli 23 şəxsi təltif edib və elə bu mükafatın təqdimetmə mərasimi ilə də Azərbaycanda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlərə start verildi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar