Elşad İskəndərov : Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsidir
30 İyul 2012 Bazar Ertəsi 17:03
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qəbələdə tarixi Alban abidəsi ilə tanış olub.
Azərbaycanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qəbələ rayonunun Nic kəndindəki tarixi Alban abidəsi – Müqəddəs Yelisey kilsəsi (Çotari) ilə tanış olub. Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərdə bildirilib ki, Alban-Udin icmasının sədri Robert Mobili və icma fəalları Dövlət Komitəsinin sədrinə kilsənin tarixi haqqında məlumat veriblər. Qeyd edilib ki, 1723-cü ildə inşa olunan bu kilsə 1836-cı ildə “Rusiya müqəddəs Sinodu”nun xüsusi qərarı ilə erməni Qriqorian kilsəsinin sərəncamına verilib. O, tarixdən udinlər etiraz əlaməti olaraq kilsəyə getməyiblər.
Görüş zamanı qeyd edilib ki, 2005-ci ildə ölkə prezidenti İlham Əliyevin Nic sakinləri ilə görüşdən sonra verdiyi tapşırığa əsasən, Alban tarixi dini abidələrinin bərpası başlanıb, tarixi, dini irslərinin bərpasına şərait yaratmaq məqsədilə Nic və Oğuz rayonlarında Alban-Udi dini icmaları yaradılıb. Kilsədə aparılan təmir işləri ilə tanış olan Dövlət Komitəsinin sədri udin icması tərəfindən tarixi alban kilsəsinin bərpası istiqamətində aparılan işləri yüksək qiymətləndirmiş, udinlərin erməniləşmə təhlükəsi ilə üzləşərək uzun illər boyu dini həyatdan məhrum olmalarını böyük ədalətsizlik kimi qiymətləndirib: “Ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir. Onlar bütün dünyaya car çəkdikləri kimi yalnız müsəlman azərbaycanlılara qarşı deyil, digər xristian xalqlara, o cümlədən Qafqazın ən qədim xristianları olan udinlərə qarşı yönəlmiş dözümsüzlük və mədəni vandalizmdən belə çəkinməyiblər. Lakin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaşayan bütün milli azlıqlara öz tarixi milli-mənəvi dəyərlərinin bərpasına, inkişaf etdirilməsinə tam şərait yaradılmışdır ki, görülən işlərin sayəsində də hazırda ölkəmiz bir tolerantlıq nümunəsi kimi göstərilir. Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində, Azərbaycanın regional liderə çevrilməsi bizim tariximizə və udin xalqına qarşı həyata keçirilmiş bu vandalizmin nəticələrinin aradan qaldırılması üçün əlverişli şərait yaradıb. Ölkə başçısının Nic kəndinə səfərindən sonra alban abidələrinin bərpasına başlanıb, icmanın təşkilatlanması və tarixi kilsənin irsinə yiyələnməsi istiqamətində müsbət işlər aparılıb. Bütün bu işlər həm udin xalqına qarşı, həm də bütövlükdə Azərbaycan tarixinə qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmayıncaya qədər əzmlə aparılmalıdır”.
Elşad İskəndərov rəhbərlik etdiyi qurumun bu sahədə Alban-Udi icmasının fəaliyyətini dəstəkləyəcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar