Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərt tədbirlərə əl atdı
27 Mart 2013 Çərşənbə 10:47
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797,23 m3 həcmində, 3606,81 manat köküstə nırx dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.
Bundan başqa, Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən son günlərdə Balakən MMBM-in ərazisində aparılmış qəfləti yoxlamalar zamanı 171,45 m3 həcmində, 690,18 manat köküstə nırx dəyərində qanunsuz ağac kəsilməsi faktı da müəyyən olunub.
Beləlilklə, aparılan araşdırmalar zamanı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər vəzifəli şəxslərinin öz vəzifə borclarını layiqincə icra etməmələri nəticəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib.
Qeyd edək ki, aparılan araşdırmalar zamanı aşkar olunmuş özbaşına qırıntılara görə hesablanmış 4296,99 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin olunub.
Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Balakən MMBM-in direktoru işdən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülüb.
DOSTLARINLA PAYLAŞ: