Cəlilabadda əlaqəyə girmək mümkünsüz olub
07 İyul 2014 Bazar Ertəsi 16:21
Bir çox ucqar kəndlərinə internet xətləri çəkilsə də, mərkəzi küçələrinin telefon xətləri bərbad haldadır.
Cəlilabad rayonunun bir çox ucqar kəndlərinə internet xətləri çəkilsə də, rayonun mərkəzi küçələrinin telefon xətləri bərbad haldadır.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon mərkəzindən Məhəmməd Hadi, Həzi Aslanov və digər küçələrə gedən kabellər Cəlilabadı iki hissəyə bölən Mişarçay çayının sularında batıb.

Ən dəhşətlisi isə odur ki, sözügedən küçələrdə rabitə xətləri elktrik dirəklərinə bərkidilib. Bu isə əsl təhlükədən xəbər verir.

Qeyd edək ki, bir neçə il əvvəl elktrik xətlərinin qırılaraq rabitə xətlərin üstünə düşməsi Cəlilabad rayonunda insan itkisinə səbəb olmuşdu. Xətlərin bərbad olması bununla da bitmir. Küçə sakinləri deyirlər ki, telefon kabelləri son dərəcə aşağıda olduğu üçün hər dəfə buradan yük avtomobili keçdikdə rabitə xətləri qırılaraq yerə tökür.

Bu da ərazinin günlərlə, bəzən isə aylarla rabitəsiz qalmasına gətirib çıxarır. Sözügedən ərazidəki əksər rabitə dirəkləri axırıncı dəfə sovetlər dönəmində basdırılıb.

Rayonun əsas küçələrində rabitə xətlərini hələ də bərbad vəziyyətdə olması sual doğurmaya bilməz. Elə bu sual uzun müddətdir ki, abunəhaqqları ödəyən Cəlilabad sakinlərini də təəcübləndirir.






DOSTLARINLA PAYLAŞ:

oyunlar