Bu il Azərbaycanda 790 qadın məişət zorakılığına məruz qalıb
18 Avqust 2012 Şənbə 10:57
Məişət zorakılığı ilə bağlı 773 cinayət hadisəsi baş verib.
Bu il Azərbaycanda cinayət törətməkdə təqsirləndirilənlərdən 105 nəfəri xarici ölkə vətəndaşlar olub. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2012-ci ilin yanvar-iyun aylarında ölkədə 12,0 min və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 130 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin 89 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 4008-i şəxsiyyət əleyhinə, 3899-u iqtisadi sahədə, 3500-ü ictimai təhlükəsizlik və ictimai qaydaların pozulması ilə bağlı, 546-sı isə digər sahələrdə törədilib. Cinayətlərin 105-i xarici, o cümlədən 28-i MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən, 50-si isə xarici ölkələrin vətəndaşlarına qarşı törədilib.
2012-ci ilin birinci yarısında aşkar olunmuş 9089 nəfər hüquqpozucunun 75,1 faizi cinayət məsuliyyətinə cəlb edilib. Hüquqpozucuların 80,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 10,3 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,2 faizi sərxoş vəziyyətdə olanlar, 10,4 faizi qadınlardır. Cari ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınmış 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4 isə hamilə qadındır. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.
DOSTLARINLA PAYLAŞ: