Bineqedi sakinleri rayonun yol probleminin hell olunacağı günü sebirsizlikle gözleyirler.
Bakının Binəqədi rayonu ərazisində, Binəqədi-Biləcəri yolu keçilməz sahəyə çevrilib. DSK adlanan ərazidə yolun bərbad vəziyyətdə olması o istiqamətdə işləyən sərnişin avtobuslarının hərəkəti üçün böyük maneələr yaradır. Bu barədə ANS PRESS-ə şikayətində sərnişin avtobuslarının xidmətini həyata keçirən “Çinar Trans” MMC, “Üç qardaş” MMC və “Transqey” MMC şirkətləri bildirib. Şirkət rəhbərləri şikayətlərində yazaraq bildirirlər ki, həmin istiqamətdə keçən avtobuslar yolun yararsız olması səbəbindən maşınların sıradan çıxması ilə nəticələnir. Bundan əlavə, yolun bərbad olması daşınan sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradır. ANS PRESS-ə ünvanlanan məktubda bildirilir ki, dəfələrlə mövcud problemlərlə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinə və digər aidiyyatlı qrumlara müraciət olunub. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməyib.
ANS PRESS olaraq məsələni araşdırmaq üçün əvvəlcə hadisə yerinə yolandıq. Müşahidələrimizdən də aydın görünürdü ki, həqiqətən də həmin ərazidəki yollar çox bərbardır. Hərəkət zamanı istər avtobuslarda, istər minik maşınlarında, istərsə də yük maşınlarının hərəkəti zamanı həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaranıb. Ərazidə yaşayan sakinlər bizi görən ki, başladılar ürək sözlərini deməyə.
“Elə bil biz insan deyilik. Bizi ölkə vətəndaşı saymırlar. Nə qışımız qışdır, nə yayımız yay. Xəstələrimizin üstünə təcili yardım maşını belə gəlməkdən imtina edir. Ölümüzü rahat apara bilmirik. Şikayət də edəndə hər şey düzələcək deyirlər”, - deyə Gülbacı nənə şikayətləndi.
Razi Məmmədov adlı tələbə isə avtobusların gec-gec işləməsi üzündən hər gün dərsə gecikdiyini deyir: “Hər səhər məcbur olub 1 kilometr piyada gedirik. Avtobuslar burdan keçmək istəmirlər. Deyirlər ki, maşın dağılır. Saatlarla qalırıq yollarda. Avtobus da gələndə 100 metr yolu çalaların üzündən 1 saata keçir”.
Yolun bərbad olması səbəbindən sakinlərlə yanaşı avtobus sürücüləri də zara gəlib. Ən çox əziyyət çəkən isə 170 saylı avtobusun sürücüləridir. Sürücü Lətif Zeynalov deyir ki, yolun bərbad olması səbəbindən bir gündə avtobusu neçə dəfə ustaya göstərməli olurlar. “Maşın çalaya düşəndə pis günə qalır. Avtobusun hərəkətə gətirəcək hissələri, amartizator, sükan tənzimləyici detalları, təkərləri dağılır. Qazanc “rasxod”dan çox olur. Bir sözlə, bu istiqamətdə işləmək mümkün deyil”, - deyə Lətif Zeynalov bildirib.
Sakinlərin və sürücülərin şikayətini eşitdikdən sonra üz tutduq Binəqədi rayon İcra Hakimiyyətinə. Qurumun ictimai və siyasi şöbəsinin baş məsləhətçisi Rəvanə Abdullayevanın ANS PRESS-ə açıqlaması çox qısa lokanik oldu.
“Problemdən xəbərimiz var. Bizə məktublar gəlib. Şikayətlərə baxılır. Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin həlli yaxın vaxtda həll olunacaq”, - deyə Rəvanə Abdullayeva vurğulayıb.
Ümid edirik ki, uzun zamandır Binəqədi və Biləcəri qəsəbə sakinlərini zara gətirən problem nə vaxtsa Binəqədi rayon İcra Hakimiyyətini əməkdaşlarının yadına düşəcək. Bu zaman problemin yenidən işıqlandırılmasına ehtiyac qalmayacaq.