Bələdiyyələrin qanunsuz ayırdığı 9000 hektar torpaq sahəsi geri qaytarılıb
30 Dekabr 2012 Bazar 18:01
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, son illər davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, dövlətimizin beynəlxalq imicinin xeyli yüksəlməsi və ölkəmizin tarixi qələbələrə imza atması vurğulanıb, dövlət başçısının dekabrın 29-da təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müstəsna əhəmiyyəti qeyd olunaraq bu mühüm sənəddən irəli gələn ədliyyənin fəaliyyət istiqamətlərinə uyğun vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

İclasda Azərbaycan prezidentinin ədliyyə sisteminə diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq görülməsi vurğulanıb. Təltif olunmuş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib. Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan prezidentinə dərin minnətdarlıqlarını ifadə edib, ədliyyənin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Kollegiyada dövlət başçısının “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 2012-ci il 26 dekabr tarixli sərəncamından irəli gələn vəzifələr, o cümlədən hadisələrin baş vermə səbəb və şəraitinin təhlil olunub aradan qaldırılması, bu sahədə məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması, qanunun tələblərini pozan ekspertlərin ciddi intizam məsuliyyətinə cəlb olunması üzrə və s. tədbirlər müzakirə olunaraq konkret və qəti tapşırıqlar verilib.

Eyni zamanda, humanizm ideyalarına daim sadiq qalan dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanmış və 87 nəfərə şamil olunmuş əfv Sərəncamının nazirlik tərəfindən təxirəsalınmadan mütəşəkkil icrası barədə məruzə olunub. Bildirilib ki, Ombudsmanın, Milli Məclisin deputatlarının, Əfv Komissiyası, İctimai Komitə üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş bu növbəti humanist aktı əfv edilmiş şəxslər və onların yaxın qohumları yüksək qiymətləndirərək dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə isə indiyədək əfv institutunun səmərəli tətbiqi nəticəsində qəbul olunmuş bu kimi aktlar 5500-dən çox məhkumu əhatə edib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə də müzakirə edilib. Qeyd olunub ki, 2012-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 63 faiz artaraq 52.000-dən çox olub, onlardan 1400-ə yaxını nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 500-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmiş və onlardan 15-i üzrə cinayət işi başlanıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın təsirliliyinin yüksəldilməsi üzrə və digər müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, nazirliyin fəaliyyətini tənzimləyən, o cümlədən təqsirləndirilən şəxslərin və məhkumların təhlükəsiz daşınması ilə bağlı bir sıra normativ-hüquqi aktlarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub, habelə kadr potensialının gücləndirilməsi və yeni nəsil ədliyyə işçilərinin hazırlanmasına dair əlavə tədbirlər müəyyən edilib. İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar