Baş Prokurorluqdan Milli Şuraya xəbərdarlıq
21 Sentyabr 2013 Şənbə 15:29
İnsanların sağlamlığı üçün təhlükə yarada və əmlaka zərər vura bilən əşyalardan istifadə qadağandır.
Milli Şuranın 2013-cü il sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mitinq zamanı toplantının təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəksə bunun qarşısı alınacaq. Əgər ictimai qaydanı pozmaqla, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisələrin normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq. Kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.
DOSTLARINLA PAYLAŞ: