Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb
31 İyul 2012 Çərşənbə Axşamı 15:43
Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadla verdiyi məlumata görə, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1000 manat məbləğində pul almaqla dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Daha bir korrupsiya faktı ilə bağlı Astara rayon sakini Baxşıyev Şadoğlan Əkbər oğlu müraciət edib. Onun dələduzluğa məruz qalması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Novruzov Oqtay Vəli oğlu tanışı Fərhadova Nisbət Ramazan qızı ilə qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyevin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqust ayının ortalarından külli miqdar təşkil edən 60 min 100 manat məbləğində pulunu ələ keçirərək dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda işlər üzrə istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: