Bakıda yeni yollar salınacaq
07 Sentyabr 2013 Şənbə 11:29
Azərbaycanda I Avropa Oyunları ilə əlaqədar yol qovşaqlarının, piyada keçidlərinin, avtomobil yollarının tikintisi və yenidən qurulmasına başlanılıb.
“Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması məqsədilə son 10 il ərzində 2174 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, 35 ədəd asfalt beton zavod istifadəyə verilmişdir”. ANS PRESS-in məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bununla əlaqədar olaraq, ölkəmizə minlərlə idmançı və turistlər gələcək. Həmin vaxt nəqliyyat probleminin olmaması üçün Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş və Təşkilat Komitəsinə təqdim edilmiş “Tədbirlər Planında” yol qovşaqlarının, piyada keçidlərinin tikintisi ilə yanaşı, avtomobil yollarının tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdur.

C. Qurbanovun sözlərinə görə, artıq bu prosesə başlanılıb: “Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olmuşdur. Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulmuşdur.”



DOSTLARINLA PAYLAŞ:

oyunlar