Azərikimya Türkiyənin Petkim şirkətində təcrübə keçmiş gənc kimyaçılarla hesabat görüşü keçirilib
16 İyul 2012 Bazar Ertəsi 21:51
Azərikimya İstehsalat Birliyinin akt zalında Birlik, müəssisə və istehsalat rəhbərlərinin iştirakı ilə Türkiyənin «Petkim» şirkətində təcrübə keçmiş gənc kimyaçılarla hesabat xarakterli görüş keçirilib.
“APA-Economics”in xəbərinə görə, tədbir zamanı ölkənin neft-kimya sənayesinin daha yüksək inkişafına nail olmaq üçün gənc kimyaçıların texniki bilik və bacarıqlarının artırılmasının, mütərəqqi texnologiyalar əsasında təcrübələrinin genişləndirilməsinin, potensial imkanlarının maksimum səfərbərliyə alınmasının vacibliyi ön plana çəkilib.

Qeyd olunub ki, son illərdə neft-kimya sənayesinin bütün sahələr üzrə yeniləşdirilməsi və modernləşdirilməsi kursunu əsas götürmüş «Azərikimya» İB-də çalışan gənc kimyaçıların ixtisaslarının və peşəkarlıqlarının yüksəldilməsi istiqamətində də ardıcıl və məqsədyönlü şəkildə tədbirlər həyata keçirilir. Gənc mütəxəssislərin müasir dövrün tələbləri, mövcud standartlar səviyyəsində yaradılmaqda olan texnoloji avadanlıq və qurğuların idarə olunması sahəsində təkmilləşməsi, daha yüksək bilik və vərdişlərə yiyələnməsi üçün onların Türkiyənin nüfuzlu neft-kimya şirkəti olan «Petkim»də təcrübə keçmələri artıq bir sistem halını alıb. Ötən bir il ərzində «Azərikimya» İB-nin 40-a yaxın gənc mütəxəssisi öz texniki bilik və vərdişlərini artırmaq məqsədilə Türkiyənin Avropa standartları səviyyəsində, ən yeni texnologiyalar əsasında yaradılmış neft-kimya müəssisələrində uzunmüddətli ezamiyyətdə olub və yeni texnoloji proseslərlə, müasir tipli, kompüter sistemi ilə idarə olunan avadanlıqların iş prinsipi ilə yaxından tanış olaraq, yeni təcrübə əldə ediblər.

Tədbirdə qeyd olunub ki, «Petkim»də neft-kimya texnologiyası, mexanika, energetika, metrologiya, informasiya texnologiyaları və s. sahələr üzrə təcrübə keçmiş gənc mütəxəssislər sonradan öz çalışdıqları istehsalat sahələrinin mövcud tələblər səviyyəsinə uyğunlaşdırılması, yenidən qurulması, mütərəqqi texnologiyanın və qabaqcıl iş təcrübəsinin tətbiq olunması üçün fəallıq göstərib, istehsalat sahələrinin müasir standartlar səviyyəsində və texniki yeniliklər tətbiq edilməklə yenidən qurulması, onların səmərəliliyinin və əmək məhsuldarlığının artırılması üçün müvafiq təkliflər verib və onları uğurla həyata keçiriblər.

Xüsusilə əhəmiyyətlidir ki, gənc mütəxəssislərin hər biri ixtisaslarından asılı olmayaraq, neft-kimya istehsalatı üçün hər zaman aktual olan əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə bağlı «Petkim»də xüsusi kurs və təlimatlar keçərək, bu sahələrdə işlərin daha mükəmməl, yüksək səviyyədə qurulması üçün yeni, daha geniş məlumat və təcrübə toplaya biliblər.

Tədbirdə gənc mütəxəssislərin texnoloji avadanlıqların istehsal gücündən maksimum istifadə olunmasına yönəlmiş fəaliyyətləri ilə yanaşı, onların əməyin mühafizəsi, texniki təhlükəsizliyin tam təmin edilməsi və ekologiyanın qorunması məqsədilə daha effektiv tədbirlərin həyata keçirilməsinə nail olmalarının vacibliyi diqqətə çatdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar