Azərbaycanda doğum səviyyəsi artıb
22 Avqust 2013 Cümə Axşamı 18:55
Son 10 ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 17,4-ə qalxıb.
Son 10 ilin müqayisəsi göstərir ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 17,4-ə qalxmış, ölüm isə 6,0-dan 5,3-ə düşmüşdür. Təbii artım 7,9-dan 12,1-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazirin sözlərinə görə, səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası 2012-ci ildə də davam etdirilmiş, bu da öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır.

Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 660 milyon manat təşkil edir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan vermişdir.

O.Şirəliyev bildirib ki, son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70%-i regionların payına düşür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar