Seyavuş Aslan Tiflisde yad olundu
30 İyul 2013 Çərşənbə Axşamı 10:47
Gürcüstan paytaxtında Xalq Artisti Seyavuş Aslanın xatire gecesi keçirilib.
Tiflis şəhərində Azərbaycanın Xalq Artisti Səyavuş Aslanın xatirə gecəsi keçirilib. Gecəni Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açıb, Səyavuş Aslan yaradşcılığı barədə ətraflı məlumat verib. O deyib ki, xatirəsini əziz tutduğumuz Səyavuş Aslan Azərbaycan teatr tarixində öz dəsti-xətti olan korifey sənətkarlardandır, belə şəxslər isə həmişəyaşardırlar.
Səyavuş Aslanla birlikdə “Yol əhvalatı” filmində baş rollarda çəkilmiş gürcü aktyoru Vaxtanq Pançulidze AzərTAc-ın müxbiri ilə söhbət zamanı deyib ki, bu tədbir mənə 30 il öncəki unudulmaz anları xatırlayıb.
V. Pançulidze Səyavuş Aslanın böyük aktyor olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu vurğulayıb, onun barəsində keçmiş zamanda danışıldığından təəssüfləndiyini bildirib. Aktyor qeyd edib ki, “Yol əhvalatı” filmində çəkilişə dəvət aldıqda çox həyəcanlanıb, eşidən də ki, filmdə məşhur aktyor Səyavuş Aslan da çəkilir, düzü, az qala etiraz edəcəkdi: “Lakin Səyavuş Aslanla tanışlığımızın ilk anlarındanca bu fikirdən yayındım. O mənə ruh verdi, hər şeyi yerli-yataqlı izah etdi, yaş fərqimiz olmasına baxmayaraq dostlaşdıq”.
Gürcü aktyor Səyavuş Aslanın dünya kinematoqrafiyasının böyük ustası olduğunu və onu ömrü boyu unutmayacağını qeyd edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə isə Səyavuş Aslanın xatirə gecəsinin ARDNŞ-ın Gürcüstanda həyata keçirdiyi mədəni layihələrdən olduğunu, gələcəkdə də belə tədbirlərin keçiriləcəyini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Sonda “Yol əhvalatı” filmi nümayiş etdirilib.
DOSTLARINLA PAYLAŞ: