Bakıda rok konserti olacaq
15 Noyabr 2009 Bazar 06:25
Konsertin təşkilində məqsəd milli rokun inkişafına dəstək verməkdir
Bu gün Azərbaycanın paytaxtında “Bakı küləyi” adlı rok konsert təşkil olunacaq. Konsert “Bizim Gənclik” İctimai Birliyinin təşkilatçılığı ilə Teatr Xadimləri İttifaqının səhnəsində baş tutacaq.
Birliyin sədri və konsertin təşkilatçısı Babək Əliyev bildirib ki, konsertdə Azərbaycanın “Ozan” və “Sıfırın altında” rok qrupları iştirak edəcəklər. Konsertin təşkilindən məqsəd milli rokun inkişafına dəstək verməkdir. O deyib ki, Birliyin təşkilatçılığı ilə bu ilin aprelində paytaxtda ilk dəfə rok konserti keçirilmişdir. Bu, rok musiqisi sahəsində ikinci layihədir.
Qurum gələn ildən etibarən belə tədbirləri beynəlxalq səviyyədə keçirməyi nəzərdə tutur. Birinci il Türkiyə, Gürcüstan, İran, Makedoniya və digər ölkələrin rok ifaçılarını və qruplarını Bakıya dəvət etmək planlaşdırılır. Artıq onların çoxu ilə əlaqə yaradılıb.
Babək Əliyev vurğulayıb ki, “Bakı küləyi” konsertində əsasən azərbaycanlı və türkiyəli tələbələrdən ibarət qruplar çıxış edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar