Norveç Azərbaycanlıları Gənclər Təştilatının (NAYO) və Azərbaycan mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə Osloda konsert keçiriləcək. NAYO sədri Ramil Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, konsert iyun ayının 13-də saat 19:00 - 21:00 keçiriləcək. Konsertdə Lalə Məmmədova (estrada/xalq), Rəşad İlyasov (estrada/xalq), Əfqan Rəsul (caz/piano), Elməddin İbrahimov (muğamat), Sahib Paşazadə (tar) və Toğrul Əsədullayev (kamança) və başqaları iştirak edəcəklər.
Konsertdən sonra Norveç Azərbycanlıları Gənclər Təşkilatının Polşalı üzvü Justyna Rozadskanın hazırladığı ”Müasir və Qədim Azərbaycan” və “FOCUS: Norveç və Azərbaycan Gənclərinin Dostluq və Əməkdaşlığı”-na həsr olunmuş foto sərgilərin açılışı olacaq. Sərgidə eyni zamanda Güney Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsimlər də sərgilənəcək. Sərginin açılışı zamanı qonaqlara Azərbaycan şirniyyatları təqdim ediləcək. Tədbirlərin keçirilməsində məqsəd Norveçdə yaşayan azərbaycanlıları bir araya gətirmək və onlara yüksək səviyyəli konsert proqramı təqdim etməkdir. Konsert və sərgi layihələrinin ikinci ən əsas məqsədi bütöv Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqdır. /ANS PRESS/