Azərbaycanda Qətər mədəniyyət günləri keçiriləcək
05 İyun 2009 Cümə 11:30
Muzey Mərkəzinin qarşısında ənənəvi Qətər çadırları qurulacaq

Azərbaycanda Qətər mədəniyyət günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu məqsədlə Bakıya gələn 58 nəfərdən ibarət nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə başçılıq edəcək. Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi iyunun 9-da Muzey Mərkəzində keçirələcək.
Mərasimdə Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlər göstəriləcək, təsviri sənət nümunələrindən ibarət sərgi təşkil ediləcək. Muzeyin qarşısında ənənəvi Qətər çadırları qurulacaq, gəmidüzəltmə və xınaçılıq sənətlərinin nümayişi keçiriləcək, milli şirniyyatlar hazırlanacaq. Mədəniyyət günləri şərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, R.Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq.  
Bundan əlavə, eyni proqramla nümayəndə heyətinin iyunun 10-da Mərdəkan qəsəbəsinə,  iyunun 11-də isə Suraxanı rayonuna səfəri planlaşdırılıb.
Mədəniyyət günləri çərçivəsində tədbirlər iyunun 12-də başa çatacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar