Avropa Filmləri Bakıda!
10 Oktyabr 2011 Bazar Ertəsi 11:48
Avropa Filmləri Bakıda! “Azercell”in dəstəyi ilə tamaşaçılar ən yeni avropa filmlərini pulsuz seyr edəcəklər.
Müasir kino həvəskarları üçün müjdə var. ANS PRESS-in məlumatına görə, 2011-ci il, oktyabrın 6-10-da Bakıda Avropa Filmləri Festivalı keçirilir. Festival çərçivəsində Avropanın tanınmış rejissorlarının yeni filmləri Azərbaycanlı tamaşaçılara nümayiş etdiriləcək. Avropa İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən festivalda 12 ölkənin istehsalı olan 11 kinolent nümayiş etdiriləcək. Avstriya, Belçika, Almaniya, İtaliya və digər ölkələrdən göndərilən filmlər sırasında istənilən təbəqəyə aid auditoriyanın maraqlarına uyğun olanlarını tapmaq mümkündür. Məsələn, yeniyetmələrin problemlərindən bəhs edən “Kuky qayıdır” (Çexiya Respublikası) və “Horrid Henri” (Böyük Britaniya) filmləri məxsusi olaraq gənc nəsil üçün nəzərdə tutulub.
Festival çərçivəsində tamaşaçılar müasir Avropa istehsalı filmlərini pulsuz seyr etməklə yanaşı, dünya şöhrətli rejissor və aktyorlarla təmasda olmaq imkanı da qazanacaqlar. Festivalın açılış mərasimi oktyabrın 6-da Polşa kinematoqrafçılarının “Erratum” filminin nümayişi ilə baş tutacaq.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, İttifaqa üzv dövlətlərin səfirliklərinin “Park Cinema” ilə birlikdə təqdim etdiyi festival Azercell Telekom MMC-nin baş sponsorluğu ilə həyata keçirilir. Qeyd etdiyimiz kimi, festival çərçivəsində nümayiş etdiriləcək filmlərə giriş pulsuzdur. Bu filmlərə biletləri elə bu gündən Neftçilər prospektində yerləşən “Park Cinema", "Park Bulvar"dan əldə etmək olar. Filmlərin əksəriyyəti ingilis dilində nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, bizim Facebook səhifəmizin ən aktiv istifadəçiləri üçün biletləri artıq əldə etmişik. Onları qazanmaq üçün müxtəlif yarışlarda iştirak etmək lazımdır. Odur ki, Facebook səhifəmizi izləyin.
Azərbaycanda Avropa Filmləri Festivalının təşkili artıq ənənə halını almaqdadır. Tədbirin keçirilməsi Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulması və möhkəmlənməsinə xidmət edir. Mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən bu tədbir “Azercell”in kino həvəskarlarına töhfəsi sayıla bilər. “Azercell” incəsənət sahəsinə aid tədbirləri mütəmadi dəstəkləyən şirkətlərdən ən birincisidir. Mobil operatorun sponsorluğu ilə bu il “Park Bulvar”da “Alış-veriş incəsənətdir” adlı Art Festival, azərbaycanlı peşəkar rəssamların sərgisi, uşaq rəsm əsərlərinin nümayişi, müxtəlif musiqi tədbirləri baş tutub.
“Azercell” şirkəti yalnız yerli sənətsevərlər üçün tədbirlər təşkil etmir, həm də Azərbaycan sənətinin dünyada tanıdılmasına da kömək edir. Bu baxımdan “Azercell”in köməyilə ABŞ-da “Azərbaycan ritmləri” adı altında konsertin keçirilməsi, Vaşinqtonda təntənəli şəkildə Novruz bayramının qeyd olunması, dünya incəsənətinin mərkəzi sayılan Venesiyada nüfuzlu “Biannale” sərgisində Azərbaycan pavilyonunun qoyulmasında şirkətin dəstək olmasını xatırlatmaq yerinə düşərdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: