Akif Nağının 3 dildə kitabı çıxıb
18 Avqust 2011 Cümə Axşamı 14:12
“Qarabağ müharibəsi (Qısa tarix)” kitabı Azərbaycan, ingilis, rus dillərində nəşr olunub
QAT sədri Akif Nağının müəllifliyi ilə 3 dildə-Azərbaycan, ingilis, rus dillərində “Qarabağ müharibəsi (Qısa tarix)” kitabı çapdan çıxıb. QAT-ın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, kitaba tarix elmləri doktoru Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova rəy veriblər. Kitab “Giriş”, “Ermənilərin ilk ərazi iddiaları”, “Erməni iddialarının sovet dövrü”, “Qarabağ müharibəsinin başlanması”, “Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi”, “İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri”, “Atəşkəs dövrü və danışıqların davam etdirilməsi”, “Danışıqların “Praqa prosesi” mərhələsi, “Nəticə” bölmələrindən ibarətdir. Kitabda həmçinin ardıcıl xronologiya verilir. Kitabın yazılması üçün Azərbaycan, erməni mənbələrindən, dövrü mətbuatdakı materiallardan istifadə olunub.
Müəllif Qarabağın ta qədim dövrdən bu günə qədərki tarixini populyar və qısa şəkildə şərh edir, Qarabağ müharibəsinin səbəbləri, başlanması və gedişini aydın şəkildə əks etdirir, Qarabağ danışıqlarının həqiqi mahiyyətini açıb göstərir və Qarabağ məsələsinin həllinə dair təkliflərini verir. Kitabda erməni vəhşiliklərinin, işğalının, terror hərəkətlərinin ifşa edilməsi, həqiqətlərin təkzibolunmaz faktlarla çatdırılmasına xüsusi diqqət yetirilir. Kitabın hər üç dildəki variantlarının elektron versiyası ilə karabakh-doc.azerall.info saytında tanış olmaq olar.
Kitablar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində tərcümə edilmiş və çap olunub.
DOSTLARINLA PAYLAŞ: