Valyuta ehtiyatlarımız son on ildə 29,1 dəfə artıb
11 Sentyabr 2013 Çərşənbə 13:58
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə artım tək valyuta ehtiyatlarında deyil digər sahələrdə də özünü göstərib.
"Ölkənin valyuta ehtiyatları son on il ərzində 29,1 dəfə artaraq 46,5 mlrd. ABŞ dollarına çatıb." Bunu maliyyə naziri Samir Şərifov YAP-ın saytına verdiyi müsahibəsində bildirib. Nazirin sözlərinə görə artım tək valyuta ehtiyatlarında deyil digər sahələrdə də özünü göstərib.

Nazir bildirib ki, son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13,0 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 14,2 dəfə artaraq 1,2 mlrd. manatdan 2012-ci ildə 17,3 mlrd. manata çatıb.
Maliyyə naziri sığorta bazarındakı artım haqqında da danışıb. Onun sözlərinə görə, ötən ildə sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının həcmi 342,5 mln. təşkil edib ki, bu da 2003-cü ilin göstəricisindən 6 dəfə çoxdur. Beləliklə, adambaşına düşən sığorta haqlarının orta məbləği 37 manata çatıb ki, bu da 2003-cü ilin göstəricisindən 5,3 dəfə çox olub.

Samir Şərifov əlavə edib ki, ölkədəki münbit iqtisadi mühit və əhalinin gəlirlərinin yığıma yönələn hissəsinin ilbəil artımı hesabına onların banklarda olan əmanətlərinin məbləği artaraq 5,1 mlrd. manata çatıb. Bu isə 2003-cü illə müqayisədə 4,8 mlrd. manat və yaxud 20,3 dəfə çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar