TransCaspian sergisi başlayır
12 İyun 2013 Çərşənbə 23:27
Bakıda 12-ci Beynəlxalq TransCaspian Neqliyyat, Tranzit ve Loqistika sergisi keçirilecek.
Sabah Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi öz işinə başlayacaq. ANS PRESS-in sərginin təşkilatçısı “İteca Caspian” şirkətinə istinadən verdiyi məlumata görə, Azərbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin Azərbaycan ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən bu sərgi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur.
Təsis edildiyi vaxtdan bəri “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRASEKA” (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə sıx əməkdaşlıq edir. Sərgiyə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstək göstərilir.
2013-cü ildə “Iteca Caspian” MMC tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Poynt Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətidir.
Bu il sərgi dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gətirərək ötən il ilə müqayisədə ekspozisiya meydançasını 20% genişləndirib və sərgi iştirakçılarının təxminən 40%-i “TransСaspian” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Belə ki, xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir.
Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edirlər. Hazırda Azərbaycanın nəqliyyat sektorunda bir çox yeni layihələr həyata keçirilir. Onların arasında Bakı-Tbilisi-Kars dəmiryolu xətti, Bakıda yeni hava limanının, Ələt qəsəbəsində isə yeni beynəlxalq dəniz limanının tikintisi və yeni gəmiqayırma zavodunun inşası kimi layihələri xüsusilə qeyd etmək olar. Bu layihələr ölkənin artan potensialına və Azərbaycanın getdikcə güclənməsinə dəlalət edir. Bütün bu perspektivli istiqamətlər builki sərginin ekspozisiyasında öz əksini tapır.
Belə ki, dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlar və liman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri kimi bölümlər sərgidə geniş şəkildə təqdim olunur. Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edirlər, bu il müsbət dinamika nümayiş etdirən “Gəmiqayırma və gəmilərin təmiri” bölümü isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunur. Beləliklə, “TransСaspian” sərgisi ölkə üçün mühüm strateji layihə olaraq təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlərin keçirilməsi və yeni işgüzar əlaqələrin yaradılması üçün unikal imkan yaradacaq. Sərgi öz işini 15 iyun tarixində başa vuracaq.
DOSTLARINLA PAYLAŞ: