Tikinti materialları yene bahalaşdı
25 Aprel 2013 Cümə Axşamı 17:27
Ölkede tikinti materialları yene bahalaşdı. Qiymət artımı ilə yanaşı mövsümi amillərlə əlaqədar olaraq aktivlik də yüksəlib
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin mart ayında paytaxtın inşaat materialları bazarında növbəti araşdırma aparılıb. İctimai Birlikdən ANS PRESS-ə verilən məlumata görə, araşdırma Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə aparılıb.
Bu ilin fevral ayından başlayan qiymət artımı mart ayında da davam edib. Qiymət artımı ilə yanaşı, ay ərzində mövsümi amillərlə əlaqədar olaraq aktivlik də yüksəlib. Ötən ay daha çox 11 adda, 23 növdə tikinti materialı üzrə qiymətlərdə artım olub. Qiymət bahalaşması əsas etibarı ilə mişar daşı (11,9%), taxta (0,22%) və kafel-metlax (0,5%) materiallarında özünü biruzə verib.
Mövsümi amillərlə yanaşı, qiymət artımına paytaxt və regionlarda baş verən tikinti-quruculuq prosesinin sürətli mərhələyə qədəm qoyması, bir çox tikinti şirkətlərində tamamlama işlərinin geniş vüsət alması səbəb kimi qeyd edilə bilər. Qiymət azalması isə yalnız idxal olunan dəmir məmulatlarında müşahidə edilib. Nəticə etibarilə ümumi tikinti portfelində 0,22% qiymət artımı qeydə alınıb.
2013-ci ilin mart ayında bazarda müşahidə edilən orta qiymət fevral ayı ilə müqayisədə 0,22% artım təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 2,6% artım ilə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət dəyişməsi 1,8 azalma ilə müşahidə edilib.
Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə idxal məhsullarını 1,16% üstələyərək 53,7% olub.
DOSTLARINLA PAYLAŞ: