LUKoil «D-222» layihəsini tərk edir.
Rusiyanın «LUKoil Overseas» əməliyyat şirkəti Azərbaycanın Xəzər şelfində yerləşən «D-222» («Yalama») perspektiv strukturun kəşfi və işlənilməsi layihəsini tərk edir.
«
APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında şirkətin prezidenti Andrey Kuzyayev bildirib.
A.Kuzyayevin sözlərinə görə, işlənilməsi Fransanın «Gas de France» şirkəti ilə birlikdə maliyyələşdirilən bu yataqda kommersiya baxımından yetərli neft ehtiyatı yoxdur. Şirkətin başçısı xüsusən qeyd edib ki, layihə çərçivəsində xarici sərmayədarların Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qarşısında yerinə yetirmədiyi öhdəliyi qalmayıb. «D-222» strukturunda «LUKoil Overseas» tərəfindən lazımi seysmoloji işlər görülüb və iki kəşfiyyat quyusu qazılıb. Strukturun 4,5 km dərinliyində kəşfiyyat quyularının qazılması artıq tam başa çatdırılıb və nəticədə, karbohidrogen ehtiyatları aşkar olunmayıb.
Xatırladaq ki, «Yalama» perspektiv strukturunun birgə kəşfiyyatı və işlənməsi barədə saziş ARDNŞ (40%) ilə «LUKoil» şirkəti (60%) arasında 1997-ci ilin iyulun 3-də imzalanıb. Sənəd 2007-ci ilin dekabrın 5-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Lakin sonra ARDNŞ layihədəki payından daha 20%-i Rusiya şirkətinə satıb. Həmçinin, saziş sahəsinin 1 287 kv. km-dən 3 037 kv. km-ə qədər genişləndirilməsinə dair razılıq əldə olunub. Yataqda kəşfiyyat mərhələsinin müddəti 2011-ci ilin sonunadək başa çatmalı idi.
Qeyd edək ki, «Yalama» strukturu təxminən bərabər hissələrlə Xəzərin Azərbaycan və Rusiya sektorlarında sahildən 30 km aralıqda yerləşir. Bu ərazidə dənizin dərinliyi 80-700 metr diapazonunda dəyişir. Karbohidrogenlərin sənaye ehtiyatlarının aşkarlanması ehtimalı yüksək qiymətləndirilir. Layihənin icrasına nəzərdə tutulan sərmayə qoyuluşunun həcmi 2,5 mlrd. ABŞ dollar təşkil edir.