Ekspert Vüqar Bayramov bankları tənqid etdi
21 İyul 2014 Bazar Ertəsi 16:17
Vüqar Bayramov son günlər bankların ictimai təşkilatlara qarşı apardığı diskriminativ siyasətə diqqət çəkib.
"Yerli kommersiya bankının qəbul etdiyi daxili qərara əsasən 2014-cü ilin avqustun 1-dən etibarən qeyri-hökumət təşkilatları (QHT) üçün xidmət haqqlarının heç bir iqtisadi səbəb olmadan kəskin şəkildə artırmağı planlaşdırır. Bu hal təəssüf hissi doğurur".
ANS PRESS-in məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. O bildirib ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmova müraciət də edilib. V. Bayramov son günlər bankların ictimai təşkilatlara qarşı apardığı diskriminatlv siyasətə diqqəti çəkib. Dünyanın bütün normal bankları vətəndaş cəmiyyəti üçün daha aşağı tariflər tətbiq etməklə vətəndaş cəmiyyətinin insitutlarının inkişafını stimullaşdırdığı halda sözügedən bank dünyada təsəvvürə belə gətirilməyən tariflər tətbiq etməklə bank sektoruda yeni bir mərhələnin əsasını qoyur. Bu əslində, normal banklardan fərqli olaraq Azərbaycanda bir sıra banklarda hələ də korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşdırılmadığından xəbər verir. Əslində istənilən yerli bank beyin mərkəzləri ilə əməkdaşlıqdan qürur duymalı olduğu halda təəssüf ki, bank sözügedən beyin mərkəzi daxil olmaqla bütövlükdə QHT-lər ilə əməkdaşlıqda maraqlı görsənmir.
Tanınmış iqtisadçı bildirib ki, bu qərar müştərilərə yanaşmada diskriminasiyanın əsasını qoyur: "Yalnız QHT-lərə yanaşmada belə yüksək tariflərin müəyyənləşdirilməsi birmənalı şəkildə diskriminativ addımdır. İkincisi, kommersiya bankın belə bir qərarı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafını ciddi şəkildə əngəlləyə bilər ki, bu da Azərbaycanda həyata keçirilən islahatların fəlsəfəsinə uyğun gəlmir. Üçüncüsü heç bir iqtisadi əsas olmadan bir xidmət haqqının 50 dəfə artırılması süni tarifin (qiymət) müəyyənləşdirilməsi deməkdir və bu da Azərbaycan qanunvericiliyi ilə qadağan edilir".
Vüqar Bayramov sonda mövcud qanunvericiliyin imkanları daxilində bankların QHT-lərə qarşı diskriminativ qərarının yolverilməz olduğunu söyləyib.
DOSTLARINLA PAYLAŞ: