Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib.
Bu ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib. Fondun İctimaiyyətlə Əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, ARDNF Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini alıb. Binanın alqı-satqı prosesində satıcı qismində "Deutsche Bank"ın Vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt (RREEF Real Estate), Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış edib.
Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunub və "A" tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılıb. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilib. Qeyd edilən bank hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.
"Bir çox suveren fondlar hazırda investisiya risklərinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirirlər. Son zamanlar ARDNF-nin həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artıb. Bu gün mən ARDNF tərəfindən daşınmaz əmlaka ilk birbaşa investisiyanın həyata keçirildiyini açıqlamaqdan məmnunluq duyuram. Londonda yerləşən bu binanın alınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır", - ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı qeyd edib.
Qeyd edək ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 dekabr 2012-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33 895 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 % qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.