Oktyabrın 19-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində əlilliyi və neyromüxtəlifliyi olan gənclər üçün İnklüziv Təlim və Tədris Mərkəzi istifadəyə verilib. Mərkəz “SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində yaradılıb, layihənin yekun hədəfi isə ən azı 60 gəncin işlə təmin olunmasıdır.
Açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Dörd emalatxana və yeni peşə istiqamətləri
Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqla təchiz olunub və inklüziv təhsil mühiti üçün tədris infrastrukturu yenilənib. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, həmçinin qida və qeyri-qida mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisasları üzrə təlimlər keçiriləcək.
Bundan əlavə, layihənin icraçısı olan “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində daha bir emalatxana təchiz edilib. Orada neyromüxtəlifliyi olan gənclər qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlərə cəlb olunur.
200 nəfər qiymətləndiriləcək, 100 nəfər təlim keçəcək
Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərə bildirib ki, neyromüxtəlifliyi olan şəxslərin iş mühitinə uyğunlaşmasına dəstək üçün 25 iş kouçu hazırlanacaq, onlardan 15-nin işlə təmin olunması nəzərdə tutulur. Bütün peşə istiqamətləri üzrə ümumilikdə 4454 saatlıq təlim planlaşdırılır.
Direktorun sözlərinə görə, inklüziv peşə təhsili barədə ictimai məlumatlılığı artırmaq üçün dövlət qurumları və özəl sektorun iştirakı ilə 12 maarifləndirmə tədbiri keçiriləcək, 14 maarifləndirici video hazırlanacaq.
Peşə təhsilinə qəbul 40 faizdən çox artıb
İlqar Bayramlı tədbirdə inklüziv peşə təhsili üzrə statistikanı da açıqlayıb. Onun sözlərinə görə, 2023–2026-cı illərdə əlilliyi olan və sağlamlıq imkanları məhdud 5 min şəxs peşə təhsili müəssisələrində təhsil almaq imkanı əldə edib. 2023-cü ildə bu kateqoriyadan 1000-dən çox gənc peşə təhsili müəssisələrinə qəbul olunmuşdusa, cari tədris ilində onların sayı 40 faizdən çox artaraq 1400 nəfərə çatıb.
Agentlik rəhbəri bildirib ki, qəbul olunanların təxminən yarısı regionların payına düşür, gənclər 130-a yaxın ixtisas seçib. Bu dövrdə qəbul olunan əlilliyi olan tələbələrin 82 faizi dövlət sifarişli yerlərə daxil olub, ödənişli yerlərə qəbul olunanların təhsil haqqı isə dövlət büdcəsindən qarşılanıb. Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
“Bizim qarşımızda duran növbəti mühüm vəzifə ondan ibarətdir ki, bu təhsilə əlçatanlığı real məşğulluq imkanlarına çevirə bilək”, – İ.Bayramlı vurğulayıb.
Nazir müavini: məzunların praktiki bacarıqları zəifdir
Firudin Qurbanov çıxışında inklüziv təhsildə sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün fiziki maneələrin aradan qaldırılmasının və çevik peşə təhsili proqramlarının hazırlanmasının vacibliyini qeyd edib. Nazir müavini məzunların işə düzəlməsində əsas problemin praktiki bacarıqların zəifliyi olduğunu deyib: “Nəzəri biliklər var, amma praktiki bacarıqları zəifdir. Çünki təhsil proqramında təcrübəyə çox zaman az vaxt verilir”. O, dərs deyənlərin də praktiki bacarıqlara malik olmasının vacib olduğunu əlavə edib.
Layihə rəhbəri, dosent Həzi Eynalov beynəlxalq statistikaya istinadən dünyada hər 31 uşaqdan birinin autizm spektr pozuntusu ilə doğulduğunu bildirib. Onun sözlərinə görə, layihənin məqsədi inklüziv peşə təhsilini əmək bazarı ilə birləşdirən vahid dəyər zənciri formalaşdırmaqdır.
Polad Rüstəmov isə mərkəzin təmirinə və təchizatına SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşların töhfə verdiyini deyib: “İnklüziv təhsil və inklüziv məşğulluq bir-birindən ayrı düşünülə bilməz”. Tədbirdə neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayəsini bölüşüb, qonaqlar emalatxanalarla tanış olublar.
Layihənin arxa planı
“SkillBridge” layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşların maliyyə dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində nəzərdə tutulan inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət hədəfi ilə səsləşir.
Mənbə: APA, Azərbaycan müəllimi




Şərhlər