Yasamal rayonunda obyektleri su basdı
03 Oktyabr 2013 Cümə Axşamı 19:29
Temir zamanı magistral su xettinde baş veren qeza şeherin merkezinde fevvarə yaradıb.
"Azərsu" ASC-nin işçiləri necə deyərlər qaş düzəltdikləri yerdə gözü də vurub çıxarıblar. Magistral su xətində aparılan təmir işləri zamanı xəttin siyirtməsinin işləməməsi, nəticədə fəvvarəni xatırladan mənzərə yaradıb.
Yasamal rayonu Hüseyn Cavid prospekti 558-ci məhəllədə ana su xəttində qəzanın baş verməsi ərazidə yerləşən bir sıra obyektlərə ziyan vurub. Zərərçəkən Şəhriyar Mirzəyevin zirzəmidə yerləşən internet klubu su içində tamamilə itib-batıb. Nəinki kompüterlər, eləcə də klubdakı stol və stullar qarşısı alınmayan suyun altında qalıb.
Baş verən qəza qəzet, kitab, jurnal satışı ilə məşğul olan digər bir obyekt sahibinə də baha başa gəlib. Su xəttində baş verən qəzadan təkcə obyektlər yox, elə ərazidə yaşayan sakinlər də zərər görüb. Vətəndaşların içməli su ilə təchizatı müvvəqəti olaraq dayandırılıb. Suyun qarşısını almaq üçün "Azərsu" ASC tərəfindən texnika, su nasosları, eləcə də işçi qüvvələri əraziyə cəlb olunub. Lakin su xəttindəki problemi, xüsusilə də fəvvarə təki göyə qalxan suyu ram etmək elə də asan olmayıb. Əraziyə cəlb olunan işçilər binaların arası ilə axıb gedən suyu gah kanalizasiya quyularına yönəldir, gah da bunun üçün kərpiclərlə sədd çəkirdilər.
Su xəttindəki baş verən qəzanın nə zaman aradan qaldırılacağı ilə bağlı suallarımızı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllıya ünvanladıq. Qurum rəsmisi hadisədən məlumatlı olduğunu, qəzanın gün ərzində aradan qaldırılacağını bildirdi. Şöbə rəisi bundan sonra vətəndaşların 24 saat su ilə təchizatının da bərpa olunacağını vurğuladı. O ki, qaldı obyektlərə dəyən ziyana qurum rəsmisi bunun qəza olduğunu və onlara hər hansısa bir kompensasiya ödənilməsinin gündəmdə olmadığını bildirdi.
DOSTLARINLA PAYLAŞ: