Lənkəranın Vələdi və Gərmətük kəndilərnin fermerləri çıxılmaz durumda qaldıqlarını deyirlər.
Lənkəranda fermerlərin becərdikləri tərəvəzlərə alıcı tapa bilməməsi məhsulların zay olmasına gətirib çıxarır. Bu ilki mövsümdə bol tərəvəz məhsulu yetişdirən lənkəranlı fermerlər onu satmaqda çətinlik çəkir. Tərəvəzçilik üzrə ixtisaslaşmış Vələdi və Gərmətük kəndlərinin fermerləri çıxılmaz durumda qaldıqlarını deyirlər.
Banklardan götürdükləri kredit hesabına əkin sahələrini genişləndirən fermerlər yetişdirdikləri faraş tərəvəzə bazar tapa bilmədiklərindən külli miqdarda ziyana düşdüklərini iddia edirlər.
Tərəvəzçiliklə məşğul olan fermerlər Rusiya bazarına yol tapa bilmədiklərindən, respublikadaxili bazarda isə məhsul satışı sərfəli olmadığından tədarük məntəqələrinin yaradılmasını vacib sayırlar.
Lənkəran şəhər İcra Hakimiyyətində mövcud problemdən məlumatlıdırlar. Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən aldığımız məlumata görə, emal müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılıb və məhsul qəbulunu tezləşdirmək tövsiyə olunub.
Rayonun ən iri emal müəssisəsi olan Lənkəran Konserv Kombinatından bildirildi ki, emal mövsümünə son hazırlıq işləri gedir və təklif olunan məhsulların keyfiyyəti ilə bağlı araşdırma aparılır. Müəssiədən onu da öyrəndik ki, yeni mövsümə iyul ayının 10-dan start veriləcək.