Bir əsrdən çox yaşı olan Səadət sarayı yeni görkəmdə
06 İyul 2012 Cümə 00:31
Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunub.
Bakıdakı Səadət sarayı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verildi. Bakının memarlıq ansamblında özünəməxsus yeri olan Səadət sarayının binası məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilib. Həyat yoldaşı Liza xanım Tuqanova ilə birgə tez-tez Avropa səyahətinə çıxan və belə səfərlərdən birində xanımının Venesiyada bir saraya heyranlığını görən M.Muxtarov bu binanın bənzərini Bakıda tikdirmək qərarına gəlir. Bakının memarlıq incilərindən biri olan bu bina polyak mənşəli arxitektor İosif Ploşkonun layihəsi əsasında, “Qasımov qardaşları” şirkəti tərəfindən tikilib.

Bina fransız qotik üslubunda inşa edilib, interyeri klassik, qotik və rokoko ənənəsində işlənib. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi və memarlıq abidəsi kimi qeydə alınıb.

Səadət sarayı uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət qazanıb. Prezident İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlanıb. Burada yenidənqurma işləri 2010-cu ildə yüksək sürətlə aparılıb.

Binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilib. Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunub. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzlənmiş, məhəccərlər şəbəkə metaldan hazırlanıb.

Fasaddakı qırılmış bəzək elementləri və lövhələr yeniləri ilə əvəz olunub, çatlar bərpa edilib, binanın tikintisində istifadə olunmuş vulkan tipli üzlük daşlarının eynisi tapılaraq dəyişdirilib. Bünövrə yeni dəmir-beton lövhələrlə möhkəmləndirilib və binanın qrunt sularından müdafiəsi təmin edilib. Səadət sarayının 9 bal gücündə zəlzələyə davamlı hala gətirilməsi üçün binanın konstruksiyası, yükdaşıyan divarları, arakəsmələri xüsusi “Histeretik dempfer” sistemi ilə möhkəmləndirilib. Bu cür yenidənqurma işləri dünyanın bir çox yerlərində - Berlin Tarixi Muzeyi, London Britaniya Muzeyi və digər tarixi əhəmiyyət kəsb edən abidələrdə də həyata keçirilib.

Təmir-bərpa işlərindən sonra bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüşlərin və rəsmi qəbulların keçirilməsi, ikinci hissə isə nikah mərasimlərinin təşkili üçün nəzərdə tutulub. Binada geniş hollarla yanaşı, üstü açıq terras da yaradılıb. İnteryeri klassik üslubda işlənən təntənəli mərasim, rokoko üslublu VİP qəbul, rəqs və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin təmin edilməsi üçün otaqlar da Səadət sarayının funksionallığını artıran yeniliklər sırasındadır. Bununla yanaşı, interyeri qotik və rokoko üslublarında işlənən rəsmi görüş otağı, rəsmi danışıqların aparılması üçün geniş zallar və digər yardımçı otaqlar da qonaqların zövqünü oxşayacaq.





















DOSTLARINLA PAYLAŞ:

oyunlar