Bakıda yol hərəkəti qaydaları belə pozulur.
ANS PRESS əməkdaşının paytaxt küçələrində keçirdiyi bir neçə saat fotolarda.
Paytaxt küçələrində yol hərəkəti qaydalarının pozulması və tıxaclı yollarla bağlı ANS PRESS-in hazırladığı fotoreportajı təqdim edirik.
İşçilərin işdən çıxdığı vaxt, saat təxminən 17:00 radələri, adəti üzrə mərkəzi küçələrdən olan Azadlıq prospekti avtomobillərlə doludur. Tıxacdan tərpənməyə imkan olmadığı bir vaxtda, orta yaşlı kişi nəyin bahasına olursa olsun yolun digər tərəfinə keçmək istəyir. Lakin bu ona həyatı bahasına başa gələ bilər.
Başqa bir cavan oğlan isə Mərkəzi Bankın yaxınlığında piyada keçidinin düz yanında yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsindən keçməyə cəhd edir. Yaxınlaşıb ondan niyə piyada keçidindən istifadə etmədiyini soruşduqda, “əşşi, tələsirəm, vaxt itirmək istəmirəm”, - deyə cavab verir. Lakin telefonla danışdığı vaxtda yolu keçərkən düz 3 dəqiqəyə yaxın vaxt itirdi ki, bu vaxta o piyada keçidi ilə keçib, “qiymətli dəqiqələr” uda bilərdi.
Həmin ərazidə daha iki nəfərin isə piyada keçidi ilə deyil, maşın yolundan keçməsi bir qədər rahat oldu. Çünki onların yolu keçdiyi bir vaxtda yolda maşın nisbətən az idi. Amma hər-halda onlar da öz təhlükəsizliklərini “vaxt qızıldır” deyiminə qurban verirdilər.
Oradan maşın yolu ilə keçən digər cavan oğlanı isə az qala avtomobil vuracaqdı. Bu zaman hadisədən çaşan piyada həmin avtomobilin sürücüsünün qəzəbinə tuş gəldi.
Onların mübahisəsi təxminən 2-3 dəqiqə ərzində kobud və təhqiramiz sözlərlə davam etdi.
Piyadalar üçün tikilən yeni və gözəl piyada keçidlərindən istifadə edən insanlar da az deyildi. Onlar bunu həm öz təhlükəsizliklərini həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin qorunması üçün edirdilər.
Bulvar yaxınlığında, Neftçilər prospektində isə avtomobillərin hərəkətini yol polisi tənzimləyirdi. Buna baxmayaraq yol qaydalarını pozanlar da az deyildi.
Elə polsin gözünün qarşısında “VAZ-2107” markalı avtomobili idarə edən “avtoş” qaqaş polisin dayan əmrinə əhəmiyyət verməyib yoluna davam etdi.
Sonda isə paytaxtdakı axşam saatlarında tıxacların fotolarını təqdim edirik.