Vladislav Qalkin ölüb
28 Fevral 2010 Bazar 11:10
Aktyor Vladislav Qalkinin meyiti öz evində tapılıb
Tanınmış rusiyalı aktyor Vladislav Qalkin ölüb. "RİA Novosti"nin məlumatına görə, 38 yaşlı Qalkinin meyiti öz mənzilində tapılıb. Hələlik rəsmi açıqlama verilməsədə, ilkin səbəb kimi onun kəskin ürək çatışmazlığından keçindiyi qeyd edilir. Meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb.
Moskva daxili işlər idarəsindən verilən məlumata görə, yaxınları milisə zəng edərək onun heç bir telefon zənginə cavab vermədiyini bildiriblər.
Qeyd edək ki, aktyor mədəaltı vəzinin iltihabı diaqnozu ilə bir həftədən artıq müalicə edildiyi xəstəxananı bir necə gün öncə tərk etmişdi. Həkimlər ona pəhriz və dərman müalicəsi yazmışdılar.
Agentliyin tibii dairələrə istinadən yaydığı məlumata görə, Qalkin iki-üç gün əvvəl ölüb.
V. Qalkin 1971-ci ildə Leninqradda doğulub. Kinoda uşaqlıqdan çəkilməyə başlayıb. 9 yaşında olarkən Stanislav Qovoruxinin “Tom Soyer və Heklberri Finnin macəraları” filmi ilə debüt edib. O, “72 metr” və “Voroşilov atıcısı” filmləri, "Diversant", "Xüsusi təyinatlı" kimi seriallarda çəkilib. 2009-cu ildə Vladislav Qalkin Rusiyanın əməkdar artisti adına layiq görülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: