Tofiq Rüstəmov 75 kitabı çapdan çıxıb
13 May 2011 Cümə 16:02
Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmov ilə bağlı yeni kitab işıq üzü görüb.
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi tərəfindən nəşr edilən “Tofiq Rüstəmov 75” adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəkildə öz əksini tapıb.
Ön söz müəllifi BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə olan kitabda T. Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin tərbiyəçisi və hamisi kimi keyfiyyətləri sadalanıb. Nəşrdə, həmçinin görkəmli alimin elmi araşdırmaları və publisistik məqalələri, müsahibələri, tərcümələri, redaktə etdiyi elmi əsərləri, televiziya və radio üçün hazırladığı materialları əhatə olunub.
Qeyd edək ki, T.Rüstəmov 1936-cı ildə Qubada anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra "Uçitelskaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri işləyib. Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. Şəxsi təşəbbüsü və axtarışları sayəsində "Ulduz" radio proqramı ərsəyə gəlib. 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifəsində çalışıb. APA
DOSTLARINLA PAYLAŞ: