Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib.
Teatrın direktoru Maqbet Bünyadovun APA-ya verdiyi məlumata görə, görkəmli aktyor aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib. T. Adıgözəlovun dünən bütün gün teatrda olduğunu deyən M. Bünyadovun sözlərinə görə, aktyor gecə saat 1.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyiblər. T. Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan «Dəli yığıncağı»nda Zəncirvuran, «Xurşidbanu Natəvan»da Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, «Maqbet»d’ Flins, «Közərən ocaqlar»da Xanəhməd, «İblis»də Şeypurçu, «Vaqif»də Təlxək, «Nişanlı qız»da Çeşməkli kişi, «Qədr gecəsi»ndə Oyunbaz, «Ah Paris…Paris!..»də Əhməd, «Mənim sevimli dəlim»də Professor, «Hələ «sevirəm» deməmişdilər»də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan», «Qonşular», »Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynamışdır.
T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Bir qızı, bir oğlu var.
Allah rəhmət eləsin! Müsavat