Sloveniyada Mehdi Hüseynzadə muzeyi
11 İyun 2011 Şənbə 01:45
Novo Qoritsadakı muzeyin açılışında Azərbaycan və Sloveniyanın dövlət başçıları iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk iyunun 10-da Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmiş və memorial muzeyin açılışında iştirak ediblər. Mehdi Hüseynzadənin memorialı önündə təşkil olunan mərasimdə çıxış edən Novo Qoritsa şəhərinin meri Azərbaycan Prezidentini bu şəhərdə görməkdən məmnun olduğunu bildirib. “Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır” - deyən mer alman faşizminin Mehdi Hüseynzadənin arzularını yarımçıq qoyduğunu, lakin bu yerlərin insanlarının azadlıq əzmini qıra bilmədiyini vurğulayıb.
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Mehdi Hüseynzadənin xatirəsini anaraq, Mixaylonun əfsanəvi qəhrəmanlığından danışıb. İkinci Dünya müharibəsi gedişində Azərbaycan əsgərlərinin sloven partizanlarının 9-cu korpusu daxilində düşmənə qarşı birgə mübarizə apardıqlarını qeyd edən İ.Başin vurğulayıb ki, yerli sakinlər Mixayloya hər zaman böyük hörmətlə yanaşırdılar. Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətinə toxunan İ.Başin əsas məqsədin Azərbaycan təsisatları ilə elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələri genişləndirmək və ikitərəfli əməkdaşlığa yeni töhfələr vermək olduğunu bildirib.
Azərbaycan və Sloveniya prezidentləri Mehdi Hüseynzadənin memorial muzeyinin açılışında iştirak ediblər. Dövlət başçıları xatirə lövhəsinin üzərindən örtüyü götürüblər.
Prezident İlham Əliyev və Prezident Danilo Türk muzeylə tanış olublar.
Qeyd edək ki, xalqımızın qəhrəmanlıq tarixində mühüm yeri olan Mehdi Hüseynzadənin memorial muzeyindəki bütün eksponatlar onun adı ilə bağlıdır. Burada qəhrəmanın keçdiyi döyüş yolu bütün təfərrüatları ilə əks olunub. O dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə Mixaylonun qəhrəmanlığı haqqında dolğun təəssürat yaratmağa imkan verir. Muzeydə Mixaylonun abidəsi də qoyulub. Vaxtilə ona məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nümayiş etdirilir. Mehdi Hüseynzadə haqqında çəkilmiş “Uzaq sahillərdə” filmindən fotolar da bura gələnlərə xalqımızın igid oğlunun xatirəsinin hər zaman soydaşlarımızın qəlbində yaşadığını bir daha nümayiş etdirir. Bir sözlə, memorial muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad olunması yolunda öz canından keçmiş Mehdi Hüseynzadənin xatirəsinə həm Azərbaycan, həm də Sloveniya hökumətinin ehtiramını göstərir.
DOSTLARINLA PAYLAŞ: