Qızıl çinar beynəlxalq mükafatı
11 May 2009 Bazar Ertəsi 08:50
İhsan Doğramacı, Əlibaba Məmmədov, Marko Borsotti, Rəşad Mahmudov, Kşiştof Krayevski və Nərminə Zöhrabova "Qızıl çinar" mükafatına layiq görülüblər

 

Mayın 10-da “Buta” sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Prezident və xanımı da iştirak edib.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edib. O bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilk növbədə vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykənirdi. “Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycandır”- deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun beş illik fəaliyyətinə nəzər salıb.
Mərasimdə Prezident İlham Əliyev də çıxış edib.  Heydər Əliyev Fondunun beş illik fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, Fond fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olmuş, onlara yardım əlini uzadıb.

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub. Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltaraş, xalq rəssamı Ömər Eldarova, musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova və Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev mükafatı təqdim olunub.

Mehriban xanım Əliyeva mükafata görə cənab Prezidentə və fəaliyyətinə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığnı bildirib. O, verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirdiyini elan edib.

Mükafatlandırma mərasimindən sonra  Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub.

Filmdən sonra isə Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edilib.
Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirakına, xalqlararası əlaqələrin inkişafına töhfəsinə görə ilk nominasiyada mükafat ulu öndərin məsləkdaşı və yaxın dostu İhsan Doğramacıya verilib. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edilib.
Qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə xalq artisti Əlibaba Məmmədova, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əhəmiyyətli layihədə fəal iştirakına və bu işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti, Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi dəstəyə görə ürək və damar cərrahı Rəşad Mahmudov, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə,  gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edilərək "Qızıl çinar" mükafatı ilə təltif ediliblər.
Mükafatlandırma mərasimindən sonra Azərbaycanın və xarici ölkələrdən dəvət olunan incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar