"Pulum var, özüm üçün yaşayıram"
11 May 2011 Çərşənbə 12:52
Bu gün Xalq yazıçısı, dramaturq, rejissor, publisist və ictimai-siyasi xadimin 76 yaşı tamam olur
Xalq yazıçısı, dramaturq, rejissor, publisist və nəhayət ictimai-siyasi xadim Maqsud İbrahimbəyovun bu gün 76 yaşı tamam olur. Müsahibələrdən boyun qaçıran xalq yazıçısını ANS TV telefonla təbrik edib.
Maqsud İbrahimbəyov səhhətinin normal olduğunu deyib: “Halım babatdır. Pulum var, özüm üçün yaşayıram. Hər işim yaxşıdır”.
Yazdığı əsərləri kütləvi tirajla buraxılan xalq yazıçısı indi də boş oturmur. Yeni romanlar, əsərlər, pyeslər yazır. Onun sözlərinə görə, hazırda evdə işləyir: “İndi bir romanım çıxıb. İşləyirəm, pyes yazıram”.
Maqsud İbrahimbəyov 1935-ci ildə Bakıda anadan olub. Məktəbi bitirdikdən sonra Politexnik İnstitutunda təhsil alıb. Moskvada Kino İnstitutunun ali ssenari və rejissorluq kurslarını, sonra isə rejissorluq fakültəsini bitirib. Maqsud İbrahimbəyov bədii kino sahəsinə 1968-ci ildə “Uşaqlığın son gecəsi” filmi ilə gəlib. Onun bu debütü müəllifə böyük şöhrət gətirib. Onun ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin çəkdiyi növbəti “Bizim Cəbiş müəllim” filmi XX əsrin 20 ən yaxşı Azərbaycan filmi sırasına daxil olub.
70-ci illər yazıçının kinoda məhsuldar çalışdığı dövrdür. Maqsud İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan “Dağ mağarasının sirri”, “Sən mənim mahnımsan”, “Mezozoy əhvalatı”, “De ki, sevirsən məni”, “Qızıl reys”, “Axırı yaxşı qurtaran əhvalat”, “Bakı müharibə illərində”, “Truskavetsə kim gedəcək?”, “Gözəl bir gündə”, “Bayquş gəldi” və başqa ekran əsərləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.
Maqsud İbrahimbəyov təkcə Azərbaycan kinosunda deyil, eləcə də sovet kinosunda yeniyetmələrin həyatından bəhs edən mövzuları ekrana gətirə bilən nadir sənətkarlardandır.
Xalq yazıçısının “Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Maqsud İbrahimbəyov 1985- 2010 -cu illərdə parlementin deputatı olub. ABŞ-ın Luiziana ştatının fəxri senatorudur.
Yazıçı, kinossenarist Rüstəm İbrahimbəyovun qardaşıdır.
DOSTLARINLA PAYLAŞ: