"Məhv olmuş gündəliklər"
03 May 2011 Çərşənbə Axşamı 18:24
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanılıb
Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanıb. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tamaşanın premyerası yeni - 84-cü teatr mövsümünün ilk günlərində - sentyabr ayının 20-nə nəzərdə tutulub.
Hazırda teatrın quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov "Məhv olmuş gündəliklər" pyesini Azərbaycan dilində yeni versiyası üzərində məşqlər aparır. Tamaşanın tərtibatı da rejissorun özünə aiddir. Tamaşanın musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.
Yeni səhnə əsərində əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcək.
Xatırladaq ki, sözügedən əsər hələ 2002-ci ildə teatrın rus bölməsinin aktyorlarının ifasında hazırlanmışdı və geniş tamaşaçı marağına səbəb olmuşdur. Kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində uğurla çıxış edərək, Rusiya teatr mütəxəssislərini və tamaşaçılarını heyrətləndirmişdi.
DOSTLARINLA PAYLAŞ: