Koroğlu İstanbulda
21 İyul 2010 Çərşənbə 11:35
Festival Haliç-Konqres Mərkəzində səhnələnəcək “Koroğlu” operası ilə başa çatacaq.
2-23 iyul 2010-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində İstanbulun 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. ANS PRESS-in məlumatına görə, festival 2010-cu il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış tədbirlər planı çərçivəsində təşkil olunub.

Festival TÜRKSOY Baş Katibliyinin hazırladığı və 23 iyul 2010-cu il tarixdə Haliç-Konqres Mərkəzində səhnələşdiriləcək “Koroğlu” operası ilə başa çatacaq. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türk xalqlarının mədəniyyət və yaşayışını özündə əks etdirməsidir.

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin bu əsəri üslubunun zənginliyi və sadəliyi ilə hər zaman izləyiciləri heyran edib. TÜRKSOY Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətkarları ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədilə 2009-cu ildən müvafiq işlərə başlayıb.

Beynəlxalq "Koroğlu" operası layihəsi TÜRKSOY-a üzv olan 6 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan) 250 sənətçinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələşdirilib.

Bu il türk dilində səsləndiriləcək "Koroğlu" operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti; Azərbaycan Dövlət Xor Kapellasının artistləri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirdə Azərbaycan Respublikasını təmsil edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar