Jerar Depardye Azərbaycanda filmə çəkiləcək
13 Dekabr 2010 Bazar Ertəsi 14:45
Jurnalistlərin aktyora Ermənistana səfəri ilə bağl sual verilməsinə imkan yaradılmayıb
IV Beynəlxalq Rastropoviç festivalı ilə əlaqədar Bakıya gələn fransalı aktyir Jerar Depardye Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. ANS PRESS-in məlumatına görə, aktyor görüş zamanı Azərbaycanda olmağından məmnunluq duyduğunu dilə gətirib.
"Çox gözəl şəhəriniz var. Bu səhər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdim, Qız qalasını və Milli Parkı gəzdim. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçirdikləri məni sevindirir”, deyə məşhur aktyor qeyd edib.
Görüş zamanı Jerar Depardyenin Azərbaycanda filmə çəkiləcəyi də məlum olub. Aktyor filmdə fransız yazıçı Aleksandr Dümanın obrazını canlandıracaq. Nazir Əbülfəs Qarayev isə Jerar Depardyeyə Aleksandr Dümanın xan qızı, şairə Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib. Jerar Depardye isə bu filmdə tərəf müqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasının daha məqsədəuyğun olduğunu deyib.
Əbülfəs Qarayev qeyd edib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacağı filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulur. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.
Görüş Fransa səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və jurnalistlərin iştirakı ilə keçib. Görüşdə jurnalistlərin Jerar Depardyeyə ünvanladığı sualları aktyora çatdıran tərcüməçi, Jerar Depardyenin Ermənistan səfəri ilə bağlı sualı əvvəlcədən gəlmiş razılaşmaya əsasən tərcümə etməyəcəyini bildirib.
Qeyd edək ki, aktyorun Azərbaycana səfəri dekabrın 16-na kimi davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra Jerar Depardye Qəbələyə gedəcək. Aktyor Azərbaycan şəxsi təyyarəsi ilə gəlib.
Xatırladaq ki, Jerar Depardye sentyabrın 4-də "Karot" beynəlxalq festivalı çərçivəsində İrəvanda olub, qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib. Bu səfərindən qısa müddət keçdikdən sonra fransız aktyoru ümumerməni "Hayastan" fonduna maliyyə yardımı etməyə hazır olduğunu bildirib. Onun bu bəyanatı "YouTube" videoportalında yerləşdirilib.
Qeyd edək ki, "Hayastan" fondu Ermənistanda, habelə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində xeyriyyə layihələri həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: