Evlənmə tamaşası nümayiş olundu
24 Fevral 2011 Cümə Axşamı 12:31
Tamaşanı iki teatrın aktyorları bir yerdə hazırlayıblar
Akademik Milli Dram Teatrı və Musiqili Komediya Teatrının aktyorları "Evlənmə"də biraraya gəldilər. ANS TV-nin məlumatına görə, hər iki sənət ocağının yaradıcı heyəti birgə "Evlənmə" adlı yeni tamaşada ilk dəfə olaraq səhnəyə çıxıblar. Rus yazıçısı Nikolay Qoqolun eyniadlı əsəri əsasında səhnələşdirilən "Evlənmə" tamaşasına əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.
"Evlənmə" xoşbəxtlik uğrunda mübarizə aparan insanlardan bəhs edir. Səhnə əsrində insanların gündəlik qarşılaşdığı sosial problemlər ön plana çəkilib. Burada hadisələr dramatik, mistik, eləcə də lirik və komik səhnələrlə cərəyan edir.
"Evlənmə"də əsas rolları xalq artistləri Məleykə Əsədova, Şükufə Yusubova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Ramiz Məmmədov və aktyorlar Emma Məlikova, Qurban İsmayılov, Çingiz Əhmədov, Ülviyyə Əliyeva paylaşırlar.
Tamaşanın musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, dirijoru Fəxrəddin Atayev, rəssamı Nabat Səmədova, baletmeysterləri isə Zakir və Yelena Ağayevlərdir. Evlənmənin şahidi olmaq istəyənlər bu gün də Gənc Tamaşaçılar Teatrına gələ bilərlər. Musiqili Komediya Teatrının binası təmirdə olduğu üçün səhnə əsəri Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilir.
DOSTLARINLA PAYLAŞ: